2 mart tarixində Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının “İnsan Kapitalı” işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun 2023-cü il üzrə ilk iclası keçirilib. Video-konfrans formatında keçirilən iclasda altqrupa üzv dövlət qurumlarının, eləcə də elm və təhsil müəssisələrinin müvafiq nümayəndələri və qonaq qismində dəvət olunan əməkdaşları iştirak ediblər.
İclas zamanı altqrupun rəhbəri, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova təqdimatla çıxış edərək, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sədri, Baş nazirin birinci müavini cənab Yaqub Eyyubovun tapşırığına müvafiq olaraq, Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun həmin Komissiyanın “İnsan Kapitalı” işçi qrupunun tərkibinə daxil edilməsi və bununla bağlı altqrupun yenidən təşkili barədə qarşıda duran vəzifələrə dair iclas iştirakçılarına ətraflı məlumat verib.
Sonda, Ü.Səttarova tərəfindən Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2023-cü il üzrə Yol Xəritəsinin ilkin layihəsi təqdim edilib və iclas iştirakçılarının sənəd layihəsi ilə bağlı müvafiq rəy və təklifləri dinlənilib.