29-30 sentyabr 2023-cü il tarixlərində, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi ilə "Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2023-cü il üzrə Yol Xəritəsi”nin müvafiq bəndləri əsas alınaraq, ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən jurnalların redaktor və redaksiya heyətindən ibarət auditoriya üçün “Elmin inkişafında elmmetriyanın rolu: Nüfuzlu elmi jurnalların hazırlanması” adlı tədbir təşkil edilib.
“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən keçirilən tədbirdə, Əqli Mülkiyyət Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev "Elmdə etik qaydalar və alimin müəlliflik hüquqlarının qorunması" və İctimai Birliyin sədri, ekpert Xəyalə Məmmədova “Elmin inkişafında elmmetriyanın rolu və beynəlxalq elmi bazaların tələbləri” mövzusunda geniş məruzə edib.
Tədbirin növbəti günündə, İctimai Birliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Rəqəmsal Xidmətləri Mərkəzinin direktoru Vüsal Bəxtiyarov “Elmdə jurnalların informasiya texnologiyaları sisteminin formalaşdırılması və perspektivləri” və ekspert Xəyalə Məmmədova “Elmi-tədqiqat, elmi məqalələrin konseptual olaraq strukturlaşdırılması və hazırlanma metodikası” ilə bağlı təlim təşkil ediblər.
Hər iki gündə qeyd edilən mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.