İlk dəfə olaraq Azərbaycanın özəl və dövlət ali təhsil müəssisələri, eləcə də bütün elmi-tədqiqat institutları üçün dünyanın ən böyük elmmetrik bazası olan “Scopus”a çıxış imkanı təmin ediləcək. Bu məqsədlə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə “Elsevier” şirkəti arasında müqavilə imzalanıb.
İmzalanma mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, “Elsevier” şirkətinin regional direktoru Tayfun Basal, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və digər qonaqlar iştirak ediblər.
“Scopus” elmmetrik bazasının müxtəlif resurs və alətlərinə çıxış imkanı verən müqavilənin imzalanması təşəbbüsünü yüksək qiymətləndirən nazir müavini İdris İsayev bildirib ki, bu resurslardan ölkəmizin 100-dən çox dövlət və özəl qurumlarında çalışan alim və tədqiqatçılar, həmçinin tələbələr bəhrələnəcəklər.
Nazir müavini qeyd edib ki, imzalanan müqavilə elmmetrik bazalara əlçatanlığı təmin etməklə gələcəkdə elmi nəticələrin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına təkan verəcək.
Çıxış edən digər qonaqlar bildiriblər ki, elmi-tədqiqat müəssisələri və tədqiqatçıların “Scopus”da profillərinin təkmilləşdirilməsi onların elmi fəaliyyətinə əlçatanlığın artmasına, dünyadakı digər elmi qurum və alimlərlə əməkdaşlığına xidmət edəcək.
Müqavilənin imzalanması mərasimindən sonra ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının müvafiq əməkdaşları üçün “Scopus” və “ScienceDirect” bazalarının istifadəsi ilə bağlı təlim keçirilib.
Qeyd edək ki, “Scopus” ən böyük elmmetrik baza olmaqla yanaşı, həm də beynəlxalq reytinqlər üzrə universitetlərin elmi-tədqiqat göstəricilərinin hesablanması üçün istifadə edilən platformadır.