Image alternative text, required
Ekspert hazırlığı çərçivəsində sertifikatların təqdimat mərasimi keçirilib
Title

4 mart 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi üçün ekspert hazırlığı prosesi çərçivəsində sertifikatların təqdimat mərasimi keçirilib. Tədbirdə müxtəlif ali təhsil müəssisələrində çalışan təlim modullarını uğurla bitirən 19 nəfər ekspertə sertifikatlar təqdim olunub.  

Ekspertlər qarşısında çıxış edən Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov akkreditasiya prosesinin təhsil müəssisələrində keyfiyyətin artırılmasına xidmət edən vacib bir alət olduğunu və bu prosesdə akkreditasiya komissiyalarının üzvlərinin peşəkar yanaşmalarının əhəmiyyətini vurğulamış, ekspertlərdə praktiki biliklərin formalaşması üçün təlimlərdə iştirakın vacibliyi qeyd edib.

Tədbirdə ekspert hazırlığı üçün tərtib edilmiş təlim proqramının nəticələri təqdim olunmuş, ekspertlərin qiymətləndirmə prosesində rolu, vəzifə və məsuliyyətləri haqqında müzakirələr aparılmışdır. Eyni zamanda, akkreditasiya prosesinə yanaşmada metodoloji yeniliklər və keyfiyyət təminatı meyarları barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Tədbirin sonunda ekspertlər məzmunlu təcrübələrini bölüşmüş, akkreditasiya prosesinin səmərəliliyini artırmaq üçün müxtəlif təkliflər səsləndirmişlər. İştirakçılar təlimlərin həm nəzəri, həm də praktiki biliklər əldə edilməsi üçün faydalı olduğunu bildirmiş və Agentlik tərəfindən həyata keçirilən simulyasiya görüşlərinin onların qiymətləndirmə bacarıqlarını inkişaf etməsinə əsaslı töhfə verdiyini vurğulamışlar.

Sertifikat təqdim olunan ekspertlər ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsində iştirak edəcək və təhsildə keyfiyyətin artırılması istiqamətində fəaliyyət göstərəcəklər.

TKTA gələcəkdə də ali təhsil müəssisələrinin keyfiyyət təminatını gücləndirmək üçün beynəlxalq təcrübəyə əsaslanan ekspert hazırlığı proqramlarını davam etdirməyi tətbiq etməyi planlaşdırır.

Xatırladaq ki, TKTA tərəfindən akkreditasiya qiymətləndirilməsi üçün ekspertlərin hazırlıq prosesi mütəmadi olaraq aparılır. Ekspert kimi müraciət etmək istəyən şəxslər sorğunu doldurmaqla təlimlərdə iştirak üçün  müraciətlərini Agentliyə ünvanlaya bilərlər.