Image alternative text, required
Ekspert hazırlığı çərçivəsində növbəti təlimlər keçirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsi tərəfindən təhsil müəssisələrinin və təhsil proqramlarının akkreditasiya qiymətləndirilməsini həyata keçirəcək ekspertlərin seçilməsi və təlimlərə cəlb olunması prosesi davam etdirilir. Bu məqsədlə, 13-14 mart 2025-ci il tarixlərində ekspert-namizədləri üçün onlayn qaydada “Akkreditasiya prosesi və qiymətləndirmə meyarları ilə tanışlıq” mövzusunda I modul təlim təşkil edilib.

Təlimlərə Agentlik tərəfindən yaradılmış “Ekspert bankına” müraciət etmiş, müəyyən olunmuş minimal tələblərə cavab verən və müsahibə mərhələsini uğurla başa vurmuş 35 namizəd cəlb olunub. Təlimlərdə namizədlərə təhsil müəssisələrinin akkreditasiyası qaydaları və ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyaları üzrə qiymətləndirilmə meyarları, akkreditasiya prosesinin mərhələləri, prosesdə iştirak edən tərəflərin hüquq və vəzifələri haqqında ətraflı məlumat verilib. Sonda namizədlər kiçik qruplara ayrılaraq praktik tapşırıqlar icra edib və sualları cavablandırıblar.

Təlimlərin üç modul üzrə keçirilməsi və hər modulun sonunda iştirakçıların qiymətləndirilməsi nəzərdə tutulur. Yalnız hər üç modulu uğurla başa vuran namizədlər TKTA tərəfindən həyata keçirilən ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi proseslərinə ekspert qismində cəlb ediləcəklər.

Xatırladaq ki, TKTA tərəfindən akkreditasiya qiymətləndirilməsi üçün ekspertlərin hazırlıq prosesi mütəmadi olaraq həyata keçirilir. Ekspert kimi müraciət etmək istəyən şəxslər sorğunu doldurmaqla təlimlərdə iştirak üçün müraciətlərini Agentliyə ünvanlaya bilərlər.