Qədim dövrlərdən bəri müxtəlif ictimai- iqtisadi formasiyalarda müəyyən məqsədlərə çatmaq üçün yaranan birliklərin klassik formaları mövcud olmuşdur. Tarixi inkişaf prosesində tərəqqi yönümlü cəmiyyətlər daim idarəetmə sisteminin təkmilləşdirilməsi və daha effektiv idarə üsulunun formalaşdırılması üçün optimal yolların axtarışlarını davam etdirmiş və bu daim prioritet məsələlərdən biri olmuşdur. Axtarışların nəticəsi olaraq bir sıra idarəçilik formaları ərsəyə gəlmişdir.
Belə bir idarəçilik metodların biri sayılan Korporativ idarəetmə üsulu özünu qısa bir müddət ərzində doğrultmuşdur. Belə ki, Korporativ idarəetmə çoxcəhətli kompleks yanaşmanı mümkün qədər ehtiva edə bildiyi üçün ümumi maraqlar naminə belə bir sistemin tətbiqinin məntiqə uyğun olduğu görülmüşdür.
Korporativ idarəetmə - rəhbərlik, müşahidəçilər və maraqlı tərəflər arasında qarşılıqlı münasibətlər kompleksidir. Korporativ idarəetmə sistemi təsisatın idarə edilməsi və ona nəzarət üçün nəzərdə tutulmuş struktur və proseslərdən ibarət olub, əsas məqsədi ədaləti, şəffaflığı və qarşılıqlı cavabdehliyi təşviq etməklə davamlı inkişafa nail olmaqdır. Effektiv korporativ idarəetmə sistemi daha yaxşı nəzarət və strateji planlaşdırma, risklərin və izafi məsrəflərin azalması deməkdir.
Bəzi hallarda məhz şəffaflığın və hesabatlığın yetərincə olmaması səbəbi ilə 1990-cı illərdən etibarən korporativ idarəetmə üsulunun dövlət sektoruna inteqrasiyası başlanılmışdır.
Dövlət sektorunda korporativ idarəetmə sisteminin tətbiqinin məqsədi ona nəzarət və idarəetməni effektiv şəkildə həyata keçirməkdir. Bu zaman idarəetmə daha çox mərkəzləşməyə deyil, əhatəli və hərtərəfli koordinasiyaya əsaslanır. Korporativ idarəetmə sistemi rifah cəmiyyətinin ruhuna və hüquqi dövlətin fəlsəfəsinə uyğun olduğu üçün dövlət sektorunda tətbiqi də rasional yanaşmadır.
Bu sistemin tətbiqi dövlət sektorunda şəffaflığı təmin etməklə səmərə və effektivliyi artırmış, idarəetməni asanlaşdırmış, izafi məsrəfləri azaltmaqla ümumi maraqları təmin etməyə xidmət etmişdir. Həmçinin, korporativ idarəetmə sadəcə prosedur və qaydalardan ibarət deyil. Bu, idarəetməyə fərqli baxışdır: "öz maraqlarını digərlərinin maraqlarında görmək bacarığıdır".
Modern dünyada korporativ idarəetmənin əhəmiyyəti davamlı olaraq artır. Rəqabətin yüksək olması ilə yanaşı, davamlı inkişafın təmin edilməsi və tarixi inkişaf prosesində tərəqqi edə bilmək və dövrlə ayaqlaşmaq zərurəti vardır. Bununla yanaşı, Dövlət idarəçiliyinin səmərəliliyinin və effektivliyinin artırılması və korporativ idarəetmə sahəsində dövlət siyasətinin formalaşması və həyata keçirilməsi, korporativ idarəetmə sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədəuyğundur.
Korporativ idarəetmə sisteminin üstünlüklərindən çıxış edərək, hazırda dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair müvafiq işlər görülməkdədir. Azərbaycanda Korporativ İdarəetmə Standartlarının qəbul edilməsi və əhəmiyyəti, korporativ idarəetmənin vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya", Korporativ Etika Məcəlləsi barədə təlimlər keçirilmiş, korporativ idarəetmənin mahiyyəti, dövlət müəssisələrində korporativ idarəetmənin tətbiqinin xüsusiyyətləri, eləcə də korporativ idarəetmənin dövlət müəssisələrinin rəqabət qabiliyyətinin artırılması, etibarlı hesabatlılıq sisteminin formalaşdırılmasında rolu barədə danışılmışdır. Həmçinin, Korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı mövzular üzrə təlimlər keçirilmişdir.