“Sənətin varsa, Sənədin olacaq!” layihəsi çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və “bp Azərbaycan”ın maliyyə dəstəyi ilə “Avtomobil mühərriklərinin yığıcısı” və “Mühafizəçi” peşə ixtisasları üzrə müraciətçilərin qiymətləndirmə və tanınması həyata keçirilib.
Sözügedən ixtisaslar üzrə Toyota Gəncə Avtomobil Mərkəzində keçirilən nəzəri imtahanda 8 nəfər məqbul 2 nəfər isə qeyri-məqbul nəticə əldə edib. Uğurlu nəticə göstərən namizədlər praktiki imtahandan keçmək üçün mərkəzə dəvət olunublar.
TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Fuad Mehdizadə, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Məhərrəmov, Agentliyin şöbə müdiri Mansur Rəhimli və şöbə əməkdaşları, müstəqil ekspert qismində isə “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə Abbasov Azər Madar oğlu, “Mühafizəçi” peşə ixtisası üzrə Balıyev Elnur Oqtay oğlu iştirak ediblər.
Adıkeçən peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri və praktiki imtahanlarda uğurlu nəticə əldə edən namizədlər həmin peşə ixtisasları üzrə müvafiq sənədlə təltif olunublar.
Qeyd edək ki, sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.
Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, sahibinə peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq, eyni zamanda diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ verir.