Image alternative text, required
Bölgələrdə “Peşəkar qadınlar” layihəsi üzrə qiymətləndirmə davam edir
Title

“PAŞA Holding” MMC-nin maliyyə dəstəyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı və Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Peşəkar qadınlar” adlı regionlarda yaşayan qadınların kvalifikasiyalarının qiymətləndirilməsi sosial layihəsi çərçivəsində İsmayıllı rayonunda yaşayan qadınların “Qənnadçı-şirniyyatçı” peşə ixtisası üzrə kvalifikasiyaları qiymətləndirilib.

 “Peşəkar qadınlar” layihəsi çərçivəsində İsmayıllı rayonunda  Qənnadçı-şirniyyatçı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib. Agentlik ilə “İvanovka sovqatları” MMC arasında əməkdaşlığa uyğun olaraq “Qənnadçı-şirniyyatçı” peşə ixtisası üzrə qiymətləndirmə prosesinin nəzəri və praktiki imtahan mərhələləri müəssisənin inzibati binasında və istehsalat bazasında baş tutub.

TKTA-nın nümayəndəsinin sədrlik etdiyi  Qiymətləndirmə Komissiyasının tərkibində “Qənnadçı-şirniyyatçı” peşə ixtisası üzrə işəgötürən tərəfin nümayəndəsi qismində  “İvanovka Sovqatları” MMC-nin sahə rəisi Mahir Hacıyev və sahə üzrə müstəqil ekspert qismində isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Gülcənnət Zülfüqarova iştirak ediblər.

Sözügedən layihənin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan qadınların bilik, bacarıq və təcrübələrinin qiymətləndirilməsi yolu ilə onların sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən, rifahının, özünüməşğulluq və dayanıqlı məşğulluq imkanlarının artırılması, gəlir əldə etmək imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Qənnadçı-şirniyyatçı” peşə ixtisası üzrə müvafiq peşə ixtisasını təsdiq edən sənəd ilə təltif olunacaqdırlar.

Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddətdir ki, “Qənnadçı-şirniyyatçı” peşə ixtisası üzrə müvafiq əmək fəaliyyəti ilə məşğul olurlar və Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi peşə hazırlığı kurslarında təlim keçiblər. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən peşə ixtisasını təsdiq edən sənəd həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştirakçılığının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.