Beynəlxalq keyfiyyət təminatı agentlikləri tərəfindən həyata keçirilən proqram akkreditasiyalarının nəticələrinə baxılıb.
Noyabrın 28-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclasında Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan İdman Akademiyasının beynəlxalq proqram akkreditasiyası qiymətləndirilməsindən keçmiş ixtisasları üzrə nəticələrin Akkreditasiya Şurası tərəfindən də tanınmasına dair müraciətlərinə baxılıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavriat səviyyəsində “İnşaat mühəndisliyi” və “Nəqliyyat tikintisi mühəndisliyi” ixtisasları, magistratura səviyyəsində “İnşaat mühəndisliyi” ixtisası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavriat səviyyəsində “Operator sənəti”, “Aktyor sənəti” və “Teatrşünaslıq” ixtisasları, Azərbaycan İdman Akademiyasının bakalavriat səviyyəsində “İdman menecmenti və kommunikasiya” ixtisası, magistratura səviyyəsində “İdman tibbi və reabilitasiya” və “İdman menecmenti” ixtisasları üzrə aparılmış beynəlxalq proqram akkreditasiya qiymətləndirilməsi nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair qərar qəbul edilib.
Bununla yanaşı, iclasda beynəlxalq keyfiyyət təminatı agentliklərinin ölkəmizdəki fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, prosesin təkmilləşdirilməsi ilə bağlı təkliflər müzakirə edilib.