Image alternative text, required
“Bərbər” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib
Title

13 oktyabr 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Bərbər” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə praktiki imtahan həyata keçirilib.

Adıçəkilən peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanda uğur qazanan namizədlər praktiki imtahan üçün Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə dəvət olunublar. 

TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev və sahə üzrə müstəqil ekspertlərlər iştirak ediblər.

Qeyd edək ki, praktiki imtahanda uğur qazanan namizədlər “Bərbər” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə müvafiq sənədlə təltif olunacaqlar.

Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarına inteqrasiyasına və onların gəlir əldə etmək imkanlarının genişləndirilməsinə, habelə bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və eləcə də peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.