Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə Azərbaycan Tibb Universitetinin (ATU) 5 il müddətində akkreditasiya olunması ilə bağlı şəhadətnaməni rektor Gəray Gəraybəyliyə təqdim edib.
Təqdimat mərasimində çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov TKTA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verib və bunlardan birinin də təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi olduğunu bildirib. T. Əhmədov institusional akkreditasiyanın əsas məqsədinin təhsilin bütün səviyyələrində keyfiyyətin təminatı sisteminin beynəlxalq standartlara uyğun qurulması olduğunu qeyd edərək, bunun ali təhsil müəssisələrinə dəstək məqsdilə keçirildiyini qeyd edib və bu prosesi uğurla başa vurduğuna görə Azərbaycan Tibb Universitetini təbrik edib. Eyni zamanda ATU-nun üç ixtisasının beynəlxalq akkreditasiyadan keçməsinin ölkəmizin ali təhsilinin uğuru olduğunu və təhsil sistemimizə töhfə verəcəyini qeyd edib.
ATU-nun rektoru G. Gəraybəyli çıxış edərək, ali təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, görülən işi yüksək qiymətləndirib və akkreditasiyanın keçirilməsi zamanı ortaya çıxan yeni yanaşmaların universitetlərin inkişafına xidmət etdiyini bildirib. Bununla yanaşı akkreditasiya prosesi nəticəsində verilən tövsiyələrin onlar üçün dəyərini, ümumilikdə ATU-nun inkişafı üçün yeni istiqamət təşkil etdiyini qeyd edib.
Görüşün sonunda T. Əhmədov akkreditasiya şəhadətnaməsini rektor G. Gəraybəyliyə təqdim edib.