Azərbaycan Texniki Universitetinin Akkreditasiya Komissiyası ilə silsilə təlim və görüşlər

“Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edildikdən sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ali təhsil müəssisələrinin institusional akkreditasiya üzrə qrafiki təsdiqlənmiş və ali təhsil müəssisələrində akkreditasiya prosesinə start verilib.

 

Qrafikə əsasən ilk institusional akkreditasiya qiymətləndirməsinin Azərbaycan Texniki Universitetində (AzTU) keçirilməsi nəzərdə tutulub. AzTU tərəfindən özünütəhlil qiymətləndirməsi üzrə işlər aparıldığı müddətdə, Agentlik tərəfindən də müstəqil ekspertlərdən ibarət Akkreditasiya Komissiyası yaradılmış və “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”, “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları”, “Akkreditasiya prosesinə cəlb edilən ekspertlərin hüquq və vəzifələri, Yekun hesabatın hazırlanması” və s. mövzularda silsilə təlim və görüşlər keçirilib.