Image alternative text, required
Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) İdarə Heyətinə azərbaycanlı üzv seçilib
Title

1-2 iyun 2023-cü il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa Şəbəkəsin (CEENQA) Baş Assambleyasında Azərbaycanı təmsil edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova təşkilatın İdarə Heyətinə üzv seçilib. Ülkər Səttarovanın namizədliyini  səsvermə hüququ olan 25 nəfərdən 19-u dəstəkləyib.

 

Öz çıxışında ona etimad göstərən hər kəsə minnətdarlığını bildirən Ülkər Səttarova Baş Assambleya iştirakçılarını son illər ölkəmizdə elm və ali təhsil sahəsində həyata keçirilən islahatlar və Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən icra edilən fəaliyyət və layihələr barəsində məlumatlandırıb.

 

Qeyd edək ki, CEENQA Baş Assambleyasında Azərbaycanla yanaşı Almaniya, Estoniya, Ermənistan, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Moldova, Sloveniya, Bosniya və Herseqovina, Serbiya, Bolqarıstan, Türkiyə, Ukrayna, Gürcüstan və Qırğızıstandan keyfiyyət təminatı agentliklərinin rəhbərləri, eləcə də Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyayanın (ENQA), Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestri (EQAR) və Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) nümayyəndələri iştirak edib.

 

Tədbirdə həmçinin, növbəti CEENQA Baş Assambleyasının Bakı şəhərində  keçirilməsinə dair qərar yekdilliklə dəstəklənib.

 

26 ölkədən 41 agentliyin qoşulduğu təşkilat Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlara uyğun daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə töhvə verməklə yanaşı, üzv təşkilatlar arasında təcrübə mübadiləsi və müştərək layihələrin həyata keçirilməsini təşviq etməkdədir.

 

Onu da bildiririk ki,  TKTA 2021-ci ilin oktyabr ayından CEENQA-nın tam hüquqlu üzvüdür.