Image alternative text, required
Ali təhsil müəssisələrinin akkreditasiyası davam edir.
Title

       Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin akkreditasiya qiymətləndirilməsi davam edir. Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, sözügedən ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi təqdim edilən Özünütəhlil Hesabatları və ona əlavə olunan sənədlər əsasında məsafədən həyata keçirilir.

        Adıçəkilən təhsil müəssisələri ilə onlayn formatda təşkil olunmuş akkreditasiya qiymətləndirilməsinin müsahibə mərhələsi başa çatıb. Müvafiq Akkreditasiya Komissiyaları tərəfindən qiymətləndirmə nəticəsi olan Yekun Hesabatlar hazırlanaraq akkreditasiyaya dair yekun qərarın verilməsi üçün Təhsil Nazirliyinin Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması planlaşdırılır.

        Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli 493 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən Akkreditasiya Şurası akkreditasiyanın nəticələrinə dair qərar qəbul etmək səlahiyyətinə malik olan orqandır.