Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək ekspertlər üçün növbəti onlayn təlimlər keçirilib.
Təhsil İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası və beş ali təhsil müəssisəsinin nümayəndələrindən ibarət 16 mütəxəssis, 5-7 may tarixlərində keçirilən daxili keyfiyyət təminatına dair təlimlərdə iştirak edib.
Təşkil olunan təlimlərdə təhsil müəssisəsinin daxili keyfiyyət təminatı sisteminin və müvafiq struktur bölməsinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi zamanı diqqət olunacaq məqamlara dair müzakirələr aparılıb. Eyni zamanda, təlim iştirakçıları daxili keyfiyyət təminatına dair Avropa standartların və tələbləri ilə tanış olub.
Qeyd edək ki, onlayn təlimlərdə yüksək nəticə göstərmiş namizədlər sertifikatla təltif olunacaq. Belə ki, yalnız müvafiq sertifikat əldə edən ekspertlər Akkreditasiya Komissiyalarının fəaliyyətində iştirak edə biləcəklər.