Image alternative text, required
Akkreditasiya Şurasının növbəti iclası keçirilib
Title

Yanvarın 23-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

 

İclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2023-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq 3 ali təhsil müəssisəsində (ADA Universiteti, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universiteti) yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib.

 

Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, ADA Universitetinin institusional akkreditasiya nəticəsi “uyğundur”, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universitetinin institusional akkreditasiya nəticələri isə “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb. Yekunlaşan akkreditasiya prosesinin davamı olaraq adları çəkilən ali təhsil müəssisələrinin verilən tövsiyələrin icrasına dair növbəti 6 ay ərzində fəaliyyət planı hazırlaması və Agentliyə təqdim etməsi nəzərdə tutulur. Bununla 2023-cü ildə ümumilikdə 13 ali təhsil müəssisəsində institusional akkreditasiya prosesi yekunlaşaraq barələrində müvafiq qərar qəbul edilib.

 

İclasda, institusional akkreditasiya ilə yanaşı 2023-cü ilin dekabrında sahə səfərləri baş tutan, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən ikili diplom proqramlarının akkreditasiyası barədə də məlumat verilib. Sözügedən ikili diplom proqramları ilə bağlı akkreditasiya ADA Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Bakı Mühəndislik Universitetində keçirilib və hazırda qiymətləndirmə mərhələsindədir.

 

Qeyd edək ki, 2024-cü ildə 11 ali təhsil müəssisəsində institusional, 14 ali təhsil müəssisəsində isə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə proqram akkreditasiya qiymətləndirməsinin həyata keçirilməsi nəzərdə tutulub.

 

Bundan başqa, Azərbaycan Tibb Universiteti və Azərbaycan Universitetinin beynəlxalq proqram akkreditasiyası qiymətləndirməsindən keçmiş ixtisasları üzrə nəticələrinin dövlət akkreditasiyası tərəfindən də tanınmasına dair müraciətlərinə baxılıb.  Azərbaycan Tibb Universitetinin əsas (baza ali) tibb təhsili və bakalavriat səviyyəsində tədris olunan Müalicə işi, Stomatologiya və Əczaçılıq ixtisasları və Azərbaycan Universitetinin bakalavriat səviyyəsində tədris olunan Sosial iş ixtisası üzrə aparılmış beynəlxalq proqram akkreditasiya qiymətləndirməsi nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair qərar qəbul edilib.

 

Məlumat üçün bildirək ki, Akkreditasiya Şurasına elm və təhsil naziri Emin Əmrullayev sədrlik edir. Şuranın iclasları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq təşkil olunur. İclaslarda təhsil və ya müvafiq elmi-tədqiqat sahələrinin mütəxəssisləri, işəgötürənlər, təhsilalanlar, eləcə də tabeliyində təhsil müəssisəsi olan nazirlik, təşkilat və idarələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.