Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya proseslərində iştirak edəcək ekspertlər üçün növbəti onlayn təlimlərə start verilib.
Aprelin 20-dən etibarən başlayan və daha 3 gün davam edəcək təlimlərdə 9 müxtəlif ali təhsil müəssisəsindən, əmək bazarı və digər qurumların nümayəndələrindən ibarət 15 mütəxəssis iştirak edir.
Mütəmadi təşkil olunan təlimlərin əsas məqsədi ali təhsil müəssisələrinin akkreditasiyası prosesinin milli və beynəlxalq standartlara cavab verən keyfiyyət göstəriciləri əsasında təşkil edilməsi, akkreditasiya proseslərində iştirak edəcək ekspertlərin Keyfiyyətin İdarəedilməsi Sistemi haqqında biliklərini artırmaq, daxili keyfiyyət təminatı və ali təhsil müəssisələrinin idarəedilməsi arasında əlaqələri aydınlaşdırmaq və praktiki tapşırıqlar vasitəsi ilə daxili keyfiyyət təminatının qiymətləndirilməsinə dair bacarıqların təkmilləşdirilməsidir.
Qeyd edək ki, onlayn təlimlərdə yüksək nəticə göstərmiş namizədlər daxili keyfiyyət təminatı, xarici keyfiyyət təminatı və peşəkar ekspert olmaqla 3 səviyyə üzrə sertifikatla təltif olunacaq. Belə ki, yalnız hər üç səviyyə üzrə sertifikat əldə edən ekspertlər Akkreditasiya Komissiyalarının fəaliyyətində iştirak edə biləcəkdir.