Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya proseslərində iştirak edəcək ekspertlər üçün təlimlərin II modulu çərçivəsində xarici keyfiyyət təminatına dair onlayn təlimlərə start verilib.
İyun ayının 29-u başlayan və hər biri 2 gün olmaqla 3 fərqli qruplarda baş tutan təlimlərdə ümumilikdə 50-dən çox ekspert iştirak edib. Sözügedən ekspertlər 20 müxtəlif ali təhsil müəssisəslərini, əmək bazarını və Azərbaycan Respublikası Təhsil Nazirliyini təmsil ediblər.
Akkreditasiya proseslərinə cəlb olunacaq və I modulu uğurla tamamlayan ekspertlər üçün mütəmadi olaraq təşkil olunması nəzərdə tutulan bu təlimlərin əsas məqsədi akkreditasiya prosesində ekspertlərin rolunun nədən ibarət olması, Akkreditasiya Komissiyasının hüquq və vəzifələri, yekun hesabatın hazırlanma prosesi və ona qoyulan tələblər barədə məlumat verməkdir.
Qeyd edək ki, onlayn təlimlərdə yüksək nəticə göstərmiş namizədlər II modulu uğurla tamamlayaraq son olaraq III modul olan xarici keyfiyyət təminatı təlimlərinə cəlb olunacaqlar. Hər 3 səviyyəni uğurla bitirmiş ekspertlər sertifikatla təltif olunacaq və sertifikatlaşmış ekspertlər Akkreditasiya Komissiyalarının fəaliyyətində iştirak edə biləcəklər.
Akkreditasiya Komissiyasının fəaliyyətində iştirak etmək və müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq təhsil müəssisələrinin fəaliyyətinin və təhsil proqramlarının icrasının qiymətləndirilməsini aparmaq istəyən və ali təhsil müəssisələrində çalışan akademik və inzibati heyəti Agentliyin ekspert bankına qoşulmağa dəvət edirik.