Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında bağlanan müqavilə çərçivəsində təşkil olunmuş təlimdə iştirak etmiş ADU-nun heyət üzvlərinə müvafiq sertifikatlar təqdim edilib.
Təqdimetmə mərasimində TKTA-nın İdarə heyətinin üzvü, Keyfiyyət Təminatı Departamentinin direktoru İlham Hümbətov, Təlim və metodologiya şöbəsinin müdiri Simnar Mamedov və ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova iştirak ediblər.
Tədbirdə çıxış edən Jalə Qəribova və İlham Hümbətov TKTA tərəfindən təşkil edilən təlimlərin ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı sisteminin qurulmasına, həmçinin ali təhsil müəssisəsindən təlimə qatılmış heyət üzvlərinə verdiyi qatqını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Tədbir zamanı 54 nəfər heyət üzvünə “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” başlıqlı sertifikatlar təqdim edilib.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.