Image alternative text, required
ADPU-nun Şamaxı filialında görüş keçirilib
Title

12 aprel 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov, struktur bölmə rəhbərləri və əməkdaşları Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında bir sıra görüşlər keçiriblər.

Tədbirdə ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, fakültə dekanları, akademik və inzibati heyət, regionda təmsil olunan maraqlı tərəflər, həmçinin keyfiyyət elçiləri – tələbələr iştirak ediblər.

Görüşün əsas məqsədi sözügedən ali təhsil müəssisəsində (ATM) tələbəyönümlü tədrisin təşkili ilə əlaqədar cari vəziyyət və proqram üzrə təkrar akkreditasiyaya hazırlıqla tanışlıqdan ibarət olub.

Tədbirdə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov belə görüşlərin qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi baxımından əhəmiyyət kəsb etdiyini, həmçinin ATM-lərdə, o cümlədən region filiallarında keyfiyyət təminatının yüksəldilməsi məqsədilə bu kimi tədbirlərin davamlı olmasının önəmini vurğulayıb.

Görüş zamanı tələbəyönümlü yanaşmanın əhəmiyyəti, bu prinsipin tədris prosesində tətbiqi, tələbələrin keyfiyyət təminatı təşəbbüslərində, eləcə də qərarvermə proseslərində iştirakının əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.

TKTA nümayəndələri sözügedən ATM-də təhsil alan keyfiyyət elçiləri – tələbələrlə də görüşərək tələbələrin Agentlik tərəfindən həyata keçirilən tədbirlərdə iştirakları, təlim-tədris prosesi, effektiv dəstək xidmətləri kimi mövzular barəsində fikirlərini dinləyiblər. Tədbirin sonunda TKTA nümayəndələri ATM-də yaradılmış infrasturukturla tanış olublar.

Qeyd etmək istərdik ki, bu kimi görüşlərin keçirilməsi ölkəmizin ali təhsil sistemində keyfiyyətin yüksəldilməsi, tələbəmərkəzli təhsil modelinin təşviq edilməsi və təhsilin inkişafına davamlı dəstək baxımından mühüm əhəmiyyət kəsb edir.