Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən təşkil olunan “Beynəlxalq təcrübədə tyutorluq” təliminin mükafatlandırma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan rektor, professor Mustafa Babanlı ADNSU-da tədris prosesi və tədrisdə tyutorların rolundan danışıb. Tyutor vəzifəsinin öhdəlikləri, tələbələrlə işin əlaqələndirilməsi, bu sahədəki mövcud çətinliklər və həlli vacib olan məsələlərdən söz açan rektor, professor M.Babanlı belə bir təlimin keçirilməsi üçün TKTA-ya təşəkkürünü bildirib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova tyutorların peşəkarlığının artırılmasına dəstək verilməsi baxımından təlimin əhəmiyyətindən danışıb. O, Agentlik tərəfindən ali təhsil müəssisələrinin inkişafına yönəlmiş belə təlimlərin keçirilməsinə hər zaman dəstək verildiyini qeyd edib.
Sonra təlimdə yüksək nəticə göstərmiş ADNSU tyutorları TKTA tərəfindən sertifikatla təltif edilib. Qeyd edilib ki, ADNSU-dan 65 nəfər tyutor təlimlərdə iştirak edib.
Sonda tyutorlar onların peşəkar inkişafına yönəlmiş təlimin keçirilməsini yüksək qiymətləndirib və təşəkkürlərini bildiriblər.