Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin birgə tərəfdaşlığı çərçivəsində “BP Azərbaycan” şirkətinin maliyyə dəstəyi və “Toyota Abşeron Mərkəzi”nin təşkilati dəstəyi ilə “Sənətin varsa, Sənədin olacaq!” layihəsi çərçivəsində “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə praktik imtahan həyata keçirilib.
“Avtomobil mühərriklərinin yığıcısı” peşəsi üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanı uğurla keçən namizədlər praktiki imtahan üçün Toyota Abşeron Mərkəzinin servis bazasına dəvət olunublar.
TKTA nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində işəgötürən tərəfin nümayəndəsi qismində “Subaru Azərbaycan” şirkətinin Mexaniki bölmə nəzarətçisi Ziya Nəsirov, sahə üzrə müstəqil ekspert qismində təlimçi-ekspertlər Əlzamin İsrafilov, Lalə Orucova, İlahə İbrahimova və Aygün Adıgözəlova iştirak ediblər.
Sözügedən layihənin əsas məqsədi neft və qaz boru kəmərləri keçən rayonlarda yaşayan əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının artırılması, hüquqlarının müdafiəsi, gəlir əldə etmək imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.
Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə diplomla təltif olunublar.