Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin peşə tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.Bu məqsədlə sözügedən ixtisas sahələri üzrə xarici dövlətlərdə təhsil alan ərizəçilər üçün 29 aprel 2023-cü il tarixində DİM tərəfindən imtahan təşkil olunmuşdur. İmtahan elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında keçirilib.
İmtahan saat 11:00-da başlanıb və 1 saat davam edib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 150 nəfərdən 14 nəfər imtahana gəlməyib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair ərizəçiyə arayış təqdim olunub. İmtahanda 47 nəfər müvəffəqiyyət əldə edib.
Məlumat üçün bildiririk ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.