Image alternative text, required
Akkreditasiya
Akkreditasiya prosesi

Akkreditasiya prosesi institusional və proqram olmaqla iki növə ayrılır.

 

1. İnstitusional akkreditasiya

Təhsil müəssisəsinin akkreditasiyası onun fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır. Proses təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 5 ildən bir həyata keçirilir. Müvafiq keyfiyyət sənədinin – şəhadətnamənin verilməsi ilə başa çatır.

Təhsil müəssisələrinin akkreditasiya qiymətləndirməsində istinad edilən Normativ hüquqi sənədlər

 

Akkreditasiyaya dair dövlət rüsumu

Təhsil müəssisəsinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş məbləğdə dövlət rüsumu ödənilir. Qanuna əsasən ali təhsil müəssisələrinin institusional akkreditasiyaya dair rüsumun məbləği 20.000 AZN təşkil edir. 

 

2. Proqram akkreditasiyası

Təhsil müəssisələrinin akkreditasiyasının ikinci növü proqram akkreditasiyasıdır. Proqram akkreditasiyası qüvvədə olan müvafiq təhsil pillələri üzrə təsnifatlara əsasən təşkil olunur. Təhsil müəssisələrində tədris edilən təhsil proqramlarının maddi-texniki və tədris bazasını, təhsilverənlərin keyfiyyət göstəricilərini və təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin əmək bazarının tələblərinə uyğunluğunu və proqramın icrasını qiymətləndirir. Hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunmasına hüquqi təminat yaradır.

Proqram akkreditasiyası üçün dövlət rüsumu nəzərdə  tutulmur.

 

Təhsil müəssisələrinin akkreditasiyası elektron informasiya altsistemi

Akkreditasiyaya dair müraciətlər yalnız elektron qaydada edilir. Həmin müraciətlər “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (TMİS) qeydiyyata alınır və hər bir təhsil müəssisəsinə sistemdə şəxsi kabinet açılır. Müraciət Agentliyə daxil olduqdan sonra təhsil müəssisəsinin müraciətdə göstərdiyi əlaqə telefonuna və elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Müəssisə qeydiyyat şifrəsi vasitəsilə onun üçün açılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.

Akkreditasiya Şurası

Akkreditasiya şurası - Akkreditasiya şurası akkreditasiyanın nəticələrinə dair yekun qərar qəbul etmək səlahiyyətinə malik olan orqandır. Akkreditasiya Şurasının fəaliyyəti Nazirlik tərəfindən təsdiq edilmiş Akkreditasiya Şurasının Əsasnaməsi ilə tənzimlənir. Akkreditasiya Şurasına Azərbaycan Respublikasının elm və təhsil naziri rəhbərlik edir. Şura ictimai əsaslarla fəaliyyət göstərir.

 

Akkreditasiya Şurasının tərkibinə aşağıdakı şəxslər daxil edilirlər:

1. yerli və xarici təhsil və ya müvafiq elmi tədqiqat sahələrinin mütəxəssisləri;

2. işəgötürənlər;

3. təhsilalanlar və ya qanuni nümayəndələr;

4. tabeliyində təhsil müəssisəsi olan nazirliklərin, təşkilatların və idarələrin nümayəndələri;

5. qeyri-hökumət təşkilatlarının nümayəndələri.

 

 

 

Akkreditasiya Şurası akkreditasiya prosesində göstərdiyi fəaliyyətlər

Akkreditasiya Şurası akkreditasiya prosesində aşağıdakı hərəkətləri yerinə yetirir:

  • Akkreditasiya Komissiyası tərəfindən tərtib edilmiş Yekun Hesabatların müzakirəsini həyata keçirir;
  • tələb olunduğu halda Yekun Hesabatların müzakirəsinə təhsil müəssisəsini, Akkreditasiya Komissiyasını, eləcə də müstəqil ekspertləri dəvət edir;
  • müzakirənin nəticələrindən asılı olaraq akkreditasiya qiymətləndirməsinə dair müvafiq qərarlar verir;
  • təqdim edilmiş Yekun Hesabat və ona əlavə olunan sənədlər müvafiq qərarın verilməsində yetərli olmadıqda onu Agentliyə geri qaytarır.
Beynəlmiləlləşmə

Təhsildə Keyfiyyət Təminatı Agentliyi həm yerli həm də beynalxalq əməkdaşlıqlara önəm verir və Azərbaycan ərazisində fəaliyyət göstərən təhsil müəssisələri, o cümlədən digər hökumət və qeyri - hökumət təşkilatları ilə əməkdaşlıq etməkdədir.


Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2017-ci ilin Yanvar ayından Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (ENQA) müşahidəçi üzv statusu əldə edib. Avropanın aparıcı akkreditasiya qurumlarını birləşdirən ENQA-da təmsil olunmaq Azərbaycana Avropa ali təhsil məkanında təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirələrdə yaxından iştiraka imkan verir. Bununla yanaşı, Avropa Ali Təhsil Məkanına daha da yaxınlaşmaq və Keyfiyyətin Təminatı üzrə Avropa Standartları və Təlimatlarına (ESG) cavab verən akkreditasiya sistemini qurmağa şərait yaradır.
 

Azərbaycan Respublikası ölkə olaraq 2015-ci ildən Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Reyestri (EQAR) təşkilatının Baş Assambleyasının iclasında EQAR-a üzv seçilmişdir. EQAR Bolonya prosesinə üzv ölkələrin mandatı ilə Ali təhsildə keyfiyyətin təminatı üzrə Avropa Assosiasiyasının (ENQA), Avropa Universitetlər Assosiasiyasının (EUA), Ali təhsil müəssisələrinin Avropa Assosiasiyasının (EURASHE) və Avropa Tələbələr Birliyinin (ESU) təşəbbüsü əsasında ali təhsildə keyfiyyətə nəzarət üçün yaradılmış ilk rəsmi qurumdur. Ümumilikdə 36 ölkə EQAR-ın üzvüdür.