Hansı xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar Azərbaycan Respublikası ərazisində tanınır?

Xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməyiniz zəruridir. Yalnız belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq ekspertiza keçirilərək həmin diplom üzrə aldığınız ali təhsil ixtisasının ölkə ərazisində tanınıb-tanınmaması barədə qərar qəbul olunur.

Bu səbəbdən, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməmişdir.

Qeyd edək ki, təhsil almaq istədiyiniz ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən təhsil müəssisəsinin (eləcə də, onun digər ölkələrdə fəaliyyət göstərən filiallarının) və tədris proqramının (ixtisasın) akkreditasiyasının olmasına diqqət yetirməyiniz tövsiyə olunur.

Bu məqsədlə, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərsiniz.