Fərdi (individual) qrafik üzrə/əyani-qiyabi, distant (onlayn) və eksternat təhsilalma formaları üzrə əldə edilmiş xarici ali təhsil ixtisasları ölkə ərazisində tanınır mı?

Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma forması nəzərdə tutulmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, bu tip təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması mümkün deyildir. Eyni zamanda, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində distant və ya eksternat təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi nəzərdə tutulmadığından, bu təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin ixtisaslarının ölkə ərazisində tanınması mümkün deyildir. Bu baxımdan tədris proqramını (ixtisası) seçən zaman müvafiq təhsilalma forması barədə əvvəlcədən dəqiq məlumat əldə etməyiniz tövsiyə olunur.