Təhsildə Keyfiyyət Təminatı Agentliyi həm yerli həm də beynalxalq əməkdaşlıqlara önəm verir və Azərbaycan ərazisində fəaliyyət göstərən təhsil müəssisələri, o cümlədən digər hökumət və qeyri - hökumət təşkilatları ilə əməkdaşlıq etməkdədir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2017-ci ilin Yanvar ayından Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (ENQA) müşahidəçi üzv statusu əldə edib. Avropanın aparıcı akkreditasiya qurumlarını birləşdirən ENQA-da təmsil olunmaq Azərbaycana Avropa ali təhsil məkanında təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirələrdə yaxından iştiraka imkan verir. Bununla yanaşı, Avropa Ali Təhsil Məkanına daha da yaxınlaşmaq və Keyfiyyətin Təminatı üzrə Avropa Standartları və Təlimatlarına (ESG) cavab verən akkreditasiya sistemini qurmağa şərait yaradır.
Azərbaycan Respublikası ölkə olaraq 2015-ci ildən Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Reyestri (EQAR) təşkilatının Baş Assambleyasının iclasında EQAR-a üzv seçilmişdir. EQAR Bolonya prosesinə üzv ölkələrin mandatı ilə Ali təhsildə keyfiyyətin təminatı üzrə Avropa Assosiasiyasının (ENQA), Avropa Universitetlər Assosiasiyasının (EUA), Ali təhsil müəssisələrinin Avropa Assosiasiyasının (EURASHE) və Avropa Tələbələr Birliyinin (ESU) təşəbbüsü əsasında ali təhsildə keyfiyyətə nəzarət üçün yaradılmış ilk rəsmi qurumdur. Ümumilikdə 36 ölkə EQAR-ın üzvüdür.