Image alternative text, required
Zərgərlərin bacarıqları qiymətləndirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü və Azərbaycan zərgərlər assosiasiyası” İctimai Birliyinin təşkilati dəstəyi ilə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların “Zərgər” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş  bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib. 

Daha öncə bilikləri qiymətləndirilərək nəzəri imtahandan uğurla keçən ərizəçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən praktiki imtahan “Tac Gold” MMC-nin istehsalat bazasında təşkil edilib.

Zərgər ixtisası üzrə Agentliyin nümayəndəsinin sədrlik etdiyi  Qiymətləndirmə Komissiyasının tərkibində  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qismində  Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Fuad Mehdizadə, işəgötürən nümayəndəsi qismində İbrahimson Jewellery”nin rəhbəri Hikmət Rüstəmov, sahə üzrə müstəqil ekspert qismində “Darayi” brendinin təsisçisi Aynur Babaxanova, “İrs Traditional Jewellery”nin təsisçisi və rəhbəri Eduard Şamaryayev cəlb edilib.

Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Zərgər” peşə ixtisası üzrə diplom və sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddət “Zərgər” peşəsi üzrə fəaliyyət göstərən şəxslərdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən dövlət nümunəli sənəd həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.