Image alternative text, required
TKTA tərəfindən Azərbaycan Milli Aviasiya Akademiyasında sertifikatların təqdimatı keçirilib
Title

Milli Aviasiya Akademiyasının inzibati binasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkil etdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş akademik və inzibati heyət üzvlərinə sertifikatların təqdim edilməsi mərasimi təşkil olunub.

Məlumat üçün bildiririk ki, təlimlər “İnstitusional akkreditasiya zamanı özünütəhlilin aparılması və hesabatların tərtibi qaydaları”, “Ali təhsil müəssisəsinin institusional akkreditasiya üzrə qiymətləndirmə meyarları” və “Sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi qaydaları” mövzularına həsr edilib.

Təqdimetmə mərasimində TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov və Milli Aviasiya Akademiyasının prorektoru Ədalət Səmədov çıxış edərək təhsildə keyfiyyət təminatı üzrə bilik və bacarıqların artırılmasının yalnız akkreditasiya qiymətləndirilməsi proseslərinə deyil, ümumilikdə ali təhsilin inkişafına xidmət etdiyini, ali təhsil müəssisələrinin daxili potensialını gücləndirdiyini, onların beynəlxalq standartlara uyğunlaşmasını dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlərin təşkili və bu istiqamətdə ali təhsil müəssisələrinə metodoloji dəstək göstərilməsi TKTA-nın əsas fəaliyyət istiqamətlərindən biridir və ali təhsil müəssisələrində keyfiyyət standartlarının yüksəldilməsinə və beynəlxalq tələblərə uyğunlaşmasına xidmət edir.