Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin müdiri Elçin Cəfərov Moldova Respublikasının Təhsil və Tədqiqatda Milli Keyfiyyət Təminatı Agentliyinin (ANACEC) dəvəti ilə heyətin mübadiləsi çərçivəsində 8–10 dekabr 2025-ci il tarixlərində Kişinyov şəhərinə səfər edib.
Heyətin mübadiləsi çərçivəsində baş tutan səfər zamanı ali təhsil müəssisələrinin akkreditasiyası prosedurları, daxili və xarici keyfiyyət təminatı mexanizmləri, tədris prosesinin qiymətləndirilməsi, institusional idarəetmə, ESG standartlarının tətbiqi, rəqəmsal alətlər və tədqiqat fəaliyyətinin keyfiyyətinin ölçülməsi kimi mövzular ətrafında geniş müzakirə aparılıb. Hər iki qurumun mütəxəssisləri həyata keçirilən proseslər, mövcud yanaşmalar və qarşılaşdıqları çağırışlar barədə fikir mübadiləsi apararaq qarşılıqlı öyrənmə imkanlarını dəyərləndiriblər.
Görüşlərin sonunda TKTA və ANACEC nümayəndələri bu cür təcrübə mübadiləsi səfərlərinin həm informasiya mübadiləsinə, həm də beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verdiyini vurğulayaraq gələcəkdə də qarşılıqlı səfərlərin davam etdirilməsinin hər iki Agentlik üçün faydalı olacağını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, sözügedən səfər TKTA və ANACEC arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin keyfiyyət təminatı sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və paylaşılması məqsədilə həyata keçirilib.
Qeyd edək ki, təhsil sahəsində beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsi TKTA-nın strateji fəaliyyət istiqamətlərindən biri olmaqla, keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi və qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

.jpeg)