10–13 dekabr 2025-ci il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Xarici kvalifikasiyaların tanınması şöbəsinin (XKTŞ) böyük məsləhətçiləri Lalə Məmmədova və Gülər Manafzadə Serbiya Respublikasının Milli Məlumat Mərkəzinin nəzdində fəaliyyət göstərən Kvalifikasiyalar Agentliyinin fəaliyyət təcrübəsi ilə tanış olmaq məqsədilə Belqrad şəhərinə işgüzar səfər həyata keçiriblər.
Səfər çərçivəsində Serbiya Respublikasının Kvalifikasiyalar Agentliyi tərəfindən xarici kvalifikasiyaların tanınması sisteminin təşkili, bu prosesdə tətbiq olunan rəqəmsal alətlər və platformalar, elektron sənəd dövriyyəsi mexanizmləri, peşə kvalifikasiyalarının tanınması, habelə Serbiya Respublikasında mövcud olmayan ixtisaslara münasibətdə tanınma prosedurları, leqallaşma prosesi, şəhadətnamələrin hazırlanması və digər aidiyyəti fəaliyyət istiqamətləri ətraflı şəkildə öyrənilmiş və müzakirə olunmuşdur.
Eyni zamanda, müxtəlif ölkələrdən əldə edilmiş kvalifikasiyaların tanınması zamanı qarşıya çıxan çətinliklər və həmin çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılmışdır. Görüşlər zamanı xarici kvalifikasiyaların tanınması prosesi, tələb olunan sənədlər və onların həqiqiliyinin yoxlanılması, ixtisas ekvivalentliyinin müəyyən edilməsi, tənzimlənən ixtisaslar üzrə imtahanların təşkili, eləcə də digər müvafiq məsələlər diqqət mərkəzində olmuşdur.
Müzakirələr çərçivəsində hər iki qurumun mütəxəssisləri tətbiq edilən yanaşmalar, mövcud prosedurlar və qarşılaşılan çağırışlar barədə ətraflı fikir mübadiləsi apararaq qarşılıqlı öyrənmə və təcrübə mübadiləsi imkanlarını qiymətləndirmişlər.
Qeyd olunan səfər xarici kvalifikasiyaların tanınması sahəsində əməkdaşlığın qurulmasına, eləcə də davamlı məsləhətləşmələr vasitəsilə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında təcrübə mübadiləsinin genişləndirilməsinə əlverişli zəmin yaratmışdır.
Məlumat üçün bildiririk ki, səfər TKTA ilə Serbiya Respublikasının Kvalifikasiyalar Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin xarici kvalifikasiyaların tanınması sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və paylaşılması məqsədilə həyata keçirilmişdir.

