16 sentyabr 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədovun media nümayəndələri üçün yeni tədris ilinin başlaması və cari ilin ilk doqquz ayı ərzində görülən işlərlə bağlı brifinqi keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov TKTA-nın fəaliyyət istiqamatləri barədə ətraflı çıxış edərək, 2025-ci ilin keçən dövrü ərzində ümumilikdə 6 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi, 7 ATM-də “Məktəbəqədər təhsil” ixtisası üzrə proqram akkreditasiya qiymətləndirilməsinin keçirildiyini qeyd edib. O, həmçinin bu dövr ərzində 3480 müraciət üzrə xaricdə əldə olunan kvalifikasiyanın ekspertizasının və 226 müraciət üzrə isə qeyri-formal və informal təhsil sahəsində tanınmanın həyata keçirildiyini bildirib. Əlavə olaraq xaricdə əldə olunan kvalifikasiyaların tanınması ilə bağlı 2989 müraciət üzrə müsbət, 491 müraciət üzrə mənfi rəy verildiyi qeyd edilib.
İdarə Heyətinin sədri 2025-ci təqvim ilinin II yarısında 6 ali və peşə təhsili müəssisələrində - Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti (təkrar akkreditasiya), Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində institusional akkreditasiya qiymətləndirilməsi, həmçinin “Məktəbəqədər təhsil” ixtisası üzrə 7 ATM-də - Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Qızlar Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında proqram akkreditasiya qiymətləndirilməsinin keçiriləcəyini qeyd edib.
Bundan əlavə o qeyd edib ki, 2025-ci təqvim ilinin II yarısında 3 ATM-də - Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, ADPU-nun Şamaxı filialında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təkrar proqram akkreditasiya qiymətləndirilməsi keçiriləcək.
Görüşün sonunda Tural Əhmədov cari ilin sözügedən dövrü ərzində vətəndaşlar tərəfindən Agentliyə ünvanlanan 8425 müraciətin müvafiq qaydada cavablandırıldığını, həmçinin bu müddət ərzində qrafiqə uyğun olaraq, TKTA-nın İdarə Heyətinin rəhbərliyi və struktur bölmə rəhbərləri tərəfindən 451 vətəndaş qəbulunun həyata keçirildiyini qeyd edərək, vətəndaş məmnunluğunun prioritet təşkil etdiyini vurğulayıb.
Məlumat üçün bildiririk ki, brifinqdə 20-dən çox media nümayəndəsi iştirak edib. Brifinqin sonunda TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələrinin suallarını cavablandırıb.