Image alternative text, required
Qəbələ rayonunda bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir
Title

17-18 dekabr 2025-ci il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Qəbələ şəhərində “Aşpaz”, “Qənnadçı, şirniyyatçı”, “Bərbər-vizajist-manikürçü”, “Əməliyyatçı-mühasib” peşə ixtisasları üzrə nəzəri və praktiki imtahanlar həyata keçirilib.

Tədbirin ilk günü sözügedən peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş biliklərin qiymətləndirilməsi istiqamətində 15 nəfərin iştirakı ilə nəzəri imtahan keçirilib. Növbəti gün isə nəzəri imtahanda uğur qazanmış namizədlər bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi məqsədilə praktiki imtahanda iştirak etmək üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə dəvət olunublar.

Qeyd edək ki, praktiki imtahanda uğur qazanan namizədlər sözügedən peşə ixtisasları üzrə müvafiq sənədlə təltif olunacaqlar.

TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Qalib Nəbiyev və sahə üzrə müstəqil ekspert kimi mərkəzin əməkdaşları Azər Abdulxalıqov və Səbinə Mehdizadə iştirak ediblər. Adıçəkilən fəaliyyətlərinin əsas məqsədi vətəndaşların əmək bazarına inteqrasiyasına və onların gəlir əldə etmək imkanlarının genişləndirilməsinə, habelə bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Bildiririk ki, sözügedən imtahanlar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024–2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nı çərçivəsində TKTA-nın maliyyə dəstəyi və təşkilatçılığı ilə həyata keçirilir.

Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və eləcə də peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.