“Sənətin varsa, sənədin olacaq!” layihəsi çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və “bp Azərbaycan”ın maliyyə dəstəyi ilə “Kompüter operatoru”, “Qənnadçı, şirniyyatçı”, “Bərbər” və “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisasları üzrə ümumilikdə 25 nəfər müraciətçinin qiymətləndirmə və tanınması həyata keçirilib.
Sözügedən ixtisaslar üzrə Goranboy şəhəri 2 nömrəli tam orta məktəbdə keçirilən nəzəri imtahanda 15 nəfər məqbul 10 nəfər isə qeyri-məqbul nəticə əldə edib. Uğurlu nəticə göstərən namizədlər praktiki imtahandan keçmək üçün müvafiq olaraq “Kompüter operatoru” və “Qənnadçı, şirniyyatçı” peşə ixtisasları üzrə Goranboy rayon Hilal Abdullayev adına Nərimanlı kənd tam orta məktəbinə, “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üçün isə “İlkin” avtomobil servis mərkəzinə dəvət olunublar.
TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Fuad Mehdizadə, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Azər Rüstəmov, Goranboy rayon Hilal Abdullayev adına Nərimanlı kənd tam orta məktəbinin direktoru Eşqin Axundlu, müstəqil ekspert qismində isə “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə Faiq Məmmədov, “Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə Fidan Mahmudova, “Kompüter operatoru” peşə ixtisası üzrə isə Səbinə Yusifli iştirak ediblər.
Adıkeçən peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri və praktiki imtahanlarda uğurlu nəticə əldə edən namizədlər həmin peşə ixtisasları üzrə müvafiq sənədlə təltif olunublar.
Qeyd edək ki, sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.
Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, sahibinə peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq, eyni zamanda diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ verir.