TKTA logo

QEYRİ-FORMAL VƏ İNFORMAL TƏHSİLİN TANINMASI

Müraciət Qaydaları

  • Ümumi orta təhsilini 4 ildən, tam orta təhsilini 2 ildən əvvəl bitirən və müvafiq ixtisas üzrə ən azı 2 il qeyri-formal və informal təhsil almış vətəndaşlar müraciət edə bilərlər.
  • Müraciət proseduru 4 mərhələdən ibarətdir:
  1. Qeydiyyat: Elektron müraciət edilir, sənədlər qfitt@tkta.edu.az ünvanına göndərilməlidir.
  2. İlkin Baxış (Müsahibə): Sənədlərin göstərilən tələblərə uyğunluğu yoxlanılır.
  3. Biliklərin Qiymətləndirilməsi: Test imtahanı keçirilir. Sualların 50%-dən çoxunu düzgün cavablandıran şəxs bacarıq qiymətləndirməsinə keçə bilər.
  4. Bacarıq və Təcrübənin Qiymətləndirilməsi: Praktiki imtahanla qiymətləndirilir.

Qiymətləndirilmə və Tanınma Prosesinin Mərhələləri

1. Müraciət və ilkin ekspertiza

İlkin baxışın aparılması üçün müvafiq ixtisas üzrə bilik, bacarıq, səriştə və təcrübəni özündə əks etdirən aşağıdakı sənədlərin və materialların təqdim olunması tələb edilir:

  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • təhsil haqqında dövlət sənədinin surəti;
  • bilik, bacarıq, səriştə və təcrübəni əks etdirən sənədlər (fotoşəkillər);
  • bilik, bacarıq, səriştə və təcrübənin ərizəçi tərəfindən yazılı təsviri;
  • nümunələr (olduğu halda);
  • əmək kitabçası (olduğu halda);
  • iş təcrübəsi haqqında arayış və müvafiq sertifikatlar (olduğu halda).

Sənədlərə baxışdan sonra aşağıdakı qərarlardan biri qəbul edilir:

  • ərizəçi növbəti mərhələyə buraxılır;
  • ərizəçinin müraciətinə imtina verilir;
  • sənədlər düzəliş üçün geri göndərilir.

2. Biliyin qiymətləndirilməsi

Bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi Qiymətləndirmə Komissiyası tərəfindən təşkil edilir. Komissiyanın tərkibi sədr də daxil olmaqla 3 (üç) üzvdən – Dövlət Məşğulluq Agentliyi və işəgötürənlərin nümayəndələrindən ibarətdir. Qiymətləndirmə Komissiyasının tərkibi Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir. Agentliyin nümayəndəsi Komissiyanın sədri təyin olunur. Komissiyaya bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi üçün müvafiq sahə üzrə təhsili, həmçinin ixtisas üzrə ən azı 5 (beş) il iş təcrübəsi olan mütəxəssislər sırasından müstəqil ekspertlər cəlb edir. Sənədləri qaydasında olan ərizəçi(lər) nəzəri biliyin qiymətləndirilməsi mərhələsinə dəvət olunur. Bu mərhələdə test imtahanı vasitəsilə ərizəçinin müvafiq sahəyə dair nəzəri bilikləri obyektiv şəkildə test sualları üzrə qiymətləndirilir. Ərizəçiyə hər bir modul üzrə 10 sual verilir və hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Sualların 50 faizindən çoxunu düzgün cavablandıran ərizəçi(lər) bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi üçün praktiki imtahan mərhələsinə dəvət edilir. Biliyin qiymətləndirməsi prosesi yekunlaşdıqdan sonra nəticələr protokollaşdırılır.

3. Bacarıq, təcrübə və səriştənin qiymətləndirilməsi

Bu mərhələ, nəzəri biliklərin qiymətləndirilməsi mərhələsini uğurla tamamlamış ərizəçilərin praktiki bacarıqlarını, iş təcrübəsini və səriştələrini qiymətləndirmək məqsədi daşıyır və müraciətçinin müvafiq sahə üzrə tələb olunan işləri effektiv şəkildə yerinə yetirmək qabiliyyətinə malik olub-olmamasını müəyyən edir. Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi Komissiya tərəfindən tapşırıqvermə üsulu ilə həyata keçirilir. Qiymətləndirmə nəticəsində tapşırığın ən azı 50 faizini düzgün yerinə yetirən ərizəçi “məqbul” nəticə əldə etmiş olur.

4. Peşə ixtisasını təsdiq edən sənədin verilməsi

Həm nəzəri həm də praktiki mərhələni uğurla tamamlayan müraciətçiyə peşə ixtisasını təsdiq edən sənəd təqdim olunur. Bu sənəd müraciətçinin müvafiq sahə üzrə peşəkar səviyyədə bilik və bacarıqlara malik olduğunu rəsmən təsdiq edir. Müvafiq ixtisas üzrə biliyi və həmin ixtisas üzrə təhsil proqramının (kurikulumun) ayrıca hissəsi olan modul təlimi üzrə bacarıq, səriştə və təcrübəsi qiymətləndirilərək, müvəffəqiyyətlə imtahandan keçmiş ərizəçiyə sertifikat, müvafiq ixtisas üzrə biliyi və həmin ixtisas üzrə təhsil proqramının (kurikulumun) bütün modulları üzrə bacarıq, səriştə və təcrübəsi qiymətləndirilərək, müvəffəqiyyətlə imtahandan keçmiş ərizəçiyə diplom təqdim edilir. Sənəddə bütün məlumatlar Azərbaycan dilində yazılır və aşağıdakı məlumatlar əks olunmalıdır:

  • sənədin nömrəsi və verildiyi tarix
  • ərizəçinin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;
  • ərizəçinin əldə etdiyi peşə ixtisası üzrə məlumatlar
  • ixtisasın adı
  • ixtisasın kodu
  • modulun adı (sertifikat verildiyi halda)
  • ertifikatın müvafiq ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün əsas sayıldığına dair qeyd (sertifikat verildiyi halda);
  • diplomun ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulduğuna və peşə təhsili səviyyəsinin növbəti pilləsində təhsili davam etdirmək və müvafiq ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayıldığına dair qeyd (diplom verildiyi halda).

Qeyri-formal və informal təhsilin tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli qərarı ilə tənzimlənir.

Qeyd! Xidmət ödənişlidir: Biliklərin qiymətləndirilməsi üçün 100 AZN, bacarıq və təcrübənin qiymətləndirilməsi üçün hər modul üzrə 80 AZN ödənilir. Peşə ixtisası sertifikatı və diplomu əldə edən şəxsə əmək fəaliyyəti hüququ verilir. Ödənişlə bağlı təlimatla buradan tanış ola bilərsiniz.