Analİtİk təhlİl
Analitik Təhlil Şöbəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin struktur bölmələrindən biri olaraq elm və təhsil sahəsində araşdırmaların aparılması, təhlil və monitorinqlərin təşkili, analitik hesabatların hazırlanması və Agentliyin daxili keyfiyyət təminatının həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Şöbə, təhsil müəssisələrinin fəaliyyətinə dair məlumatların toplanması və təhlili əsasında inkişaf yönümlü təkliflərin hazırlanmasını, eləcə də bu sahədə beynəlxalq təcrübənin öyrənilərək tətbiqinə dair təşəbbüslərin irəli sürülməsini təmin edir.
Şöbə həmçinin Agentliyin bütün fəaliyyət istiqamətləri üzrə monitorinqlərin aparılmasını, əldə olunan nəticələrin təhlil edilərək dövri hesabatlara çevrilməsini və aidiyyəti üzrə təqdim olunmasını həyata keçirir. Təhsil müəssisələrinin fəaliyyətinə dair reytinq və proqnoz göstəricilərinin hazırlanması, bu məlumatların ictimaiyyətə açıqlanması, akkreditasiya proseslərində təqdim edilən tövsiyələrin icrasına dair monitorinqlərin təşkili də şöbənin əsas vəzifələri sırasındadır. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, dövlət başçısının və Nazirlər Kabinetinin normativ hüquqi aktlarını, həmçinin Agentliyin Nizamnaməsini və daxili normativ sənədləri rəhbər tutur.
