LEQALLAŞDIRMA

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.1-ci bəndinə əsasən, tanınma üçün təqdim olunan ali təhsil haqqında sənəd [diplom] və ona əlavə [transkript], bir qayda olaraq müvafiq qaydada leqallaşdırılmalıdır.

 

Nostrifikasiya üçün təqdim olunan, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş təhsil sənədləri (diplom və ona əlavə [transkript]) “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiya"sına uyğun olaraq sənədi verən ölkənin səlahiyyətli qurumu tərəfindən “apostil” möhürü/sertifikatı ilə leqallaşdırılmalıdır.

 

Konvensiyanın 5-ci maddəsinə əsasən, apostil möhürü, sənədi [diplom və ona əlavəni] imzalamış şəxsin imzasının həqiqiliyini, onun vəzifəsini və həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir.

 

Konvensiyaya müvafiq əlavəyə əsasən, apostilin 2-ci bəndində sənədi [diplom və ona əlavəni] imzalamış şəxsin adı və soyadı, 3-cü bəndində vəzifəsi, 4-cü bəndində isə həmin sənədə vurulmuş möhürün və ya ştampın aid olduğu müəssisənin [ali təhsil müəssisəsinin] adı qeyd olunmalıdır.

 

DİQQƏT! Apostil möhürü/sertifikatı sənədlərin əslinə vurulmalıdır.

 

Nostrifikasiya üçün təqdim ediləcək diplom və ona əlavəni [transkript] apostil möhürü ilə leqallaşdırmaq üçün aşağıdakılar nəzərə alınmalıdır:

  1. Müxtəlif ölkələrdə leqallaşdırmaya qoyulan fərqli tələbləri nəzərə alaraq, apostil möhürü/sertifikatı əldə etmək üçün təhsil sənədini təqdim edən ali təhsil müəssisəsinə müraciət olunmalıdır;
  2. Müvafiq olaraq leqallaşdırılmış sənədlərin əslinin elektron surəti [skan] apostil möhürü/sertifikatı ilə birlikdə bir pdf formatında fayl şəklində elektron ərizəyə yüklənilməlidir.

 

Apostilsiz təqdim olunmuş sənədlərə baxılmasının mümkün olmadığını nəzərə alaraq, bu tip sənədlərin elektron ərizə vasitəsilə göndərilməsi sizin müraciətinizə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər.

 

DİQQƏT! “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və Təhsil Nazirliyi tərəfindən icra olunan hökumətlərarası müqavilələr çərçivəsində məzun olmuş müraciətçilər üçün sədaləşdirilmiş nostrifikasiya proseduru nəzərdə tutulduğundan, həmin müraciətçilərin təqdim etdiyi təhsil sənədlərinin leqallaşdırılması tələb olunmur.

 

QEYD: “Haaqa Kovensiyası”na qoşulmayan xarici ölkələrdə alınan ali təhsil haqqında sənəd [diplom] və ona əlavə [transkript], sənədi verən ölkənin səlahiyyətli qurumunda müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının sənədi verən ölkədəki səfirliyində (və ya konsulluğunda) leqallaşdırılmalıdır.

 

Aşağıdakı keçid vasitəsilə rəsmi leqallaşdırma nümunələri ilə tanış ola bilərsiniz - elektron ərizə təqdim olunan zaman sənədlər müvafiq nümunələrə uyğun olmalıdır.

 

Leqallaşdırmaya dair bəzi ölkələrin rəsmi nümunələri