Vətəndaşlar arayışları artıq elektron qaydada əldə edə bilərlər 03.11.2020

Təhsildə Keyfiyyət Təminatı Agentliyi cari ilin noyabr ayından etibarən tanınma (nostrifikasiya) üzrə müraciət edən vətəndaşlara müraciətinin statusundan asılı olaraq müvafiq arayışları elektron qaydada əldə etmək imkanı yaradır. Aparılan təkmilləşdirmə işləri nəticəsində artıq vətəndaşların sözügedən arayışları elektron sistem vasitəsi ilə əldə etmələri mümkündür.

 Belə ki, vətəndaşlar şəxsi kabinetlərinə daxil olaraq E-ərizə bölməsini seçməklə, generasiya olunmuş elektron arayışları PDF formatda əldə edə bilərlər:

Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcəkdir.

Müsahibəyə dəvət olunmaya dair e-arayış vətəndaşlar bu arayış növünü yalnız müsahibəyə dəvət olunduqları halda sistem vasitəsi ilə əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcəkdir.

 Qeyd edək ki, bundan öncə vətəndaşlar yuxarıda qeyd olunan  hər iki arayış növünü imzalı və möhürlü kağız daşıyıcıda əldə etmək üçün rəsmi şəkildə Agentliyə müraciət etməli olurdu.

 

1 / 14