Akkreditasiya üzrə təlimçi bazasına mütəxəssislər dəvət edilir 02.09.2020

Məlum olduğu kimi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Respublikası ərazisində ali təhsil sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiya proseslərini təşkil edir. Akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi müstəqil Akkreditasiya Komissiyası tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssislərinin, sahə üzrə elmi işçilərin, əmək bazarının və təhsilalanların nümayəndələri sırasından seçilir. Komissiya ödənişli əsaslarla fəaliyyət göstərəcəkdir.

 

Yuxarıda qeyd olunan statusa malik olan şəxslərdən akkreditasiya proseslərində iştirak etmək istəyənlər üçün Agentlik tərəfindən müvafiq təlimlərin təşkil olunması nəzərdə tutulur. Təlimləri müvəffəqiyyətlə başa vuran müdavimlərə keyfiyyət təminatı və akkreditasiya proseslərində iştirak etmək üçün müvafiq sertifikat veriləcək və yalnız bu mütəxəssislər Agentliyin “Ekspert bankı”na qəbul ediləcəklər.

 

Müraciət üçün, Agentliyin internet saytının (tkta.edu.az) “Ekspert bankı” bölməsinə daxil olaraq qeyd olunan keçid vasitəsi ilə elektron qeydiyyatdan keçmək mümkündür.

 

 

1 / 14