Xaricdə təhsil almaq istəyənlərin diqqətinə 01.09.2020

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil almaq istəyən abituriyent, tələbə və onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır

Əvvəlki illərin təcrübəsi göstərir ki, bu sahədə vasitəçi şirkətlərin xidmətlərindən istifadə edən bir çox vətəndaşlar çətinliklə və mənfi hallarla üzləşirlər. Belə hallarla rastlaşmamaq üçün vətəndaşlara təhsil müəssisəsini və tədris proqramını (ixtisası) seçməzdən öncə müstəqil olaraq, birbaşa həmin təhsil müəssisəsinin özünə müraciət edərək (rəsmi internet səhifəsi vasitəsilə), qəbul şərtləri, təhsil haqqı, yaşayış xərcləri və digər tələblər barədə ətraflı məlumat əldə etməyi tövsiyə edirik.

Eyni zamanda  xaricdə təhsil və xaricdə əldə olunmuş ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı diqqət yetirilməli olan əsas məqamlara (ali təhsil müəssisəsi və tədris proqramının (ixtisasın) aid olduğu ölkədə akkreditə olunması, təhsil müddəti ərzində həmin ölkənin və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq dərslərdə iştirak edilməsi, bakalavriat və magistratura ixtisasları arasında uyğunluq olması, tədris dilində ünsiyyət qura bilmək bacarığının olması, təhsilalma formasının yerli qanunvericiliyin tələblərinə uyğunluğu və s.) dair zəruri məlumatlarla rəsmi internet səhifəmizin (tkta.edu.az) “Nostrifikasiya” və “Mütəmadi verilən suallar” bölmələrinə daxil olaraq tanış ola bilərsiniz.

Xüsusi olaraq vurğulanmalıdır ki, Agentlik xaricdə təhsil sahəsində, o cümlədən tanınma (nostrifikasiya) prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır.

Qeyd olunan məsələlərlə bağlı vətəndaşlara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə 146-1 Telefon Məlumat Mərkəzinə məlumat verməyiniz xahiş edilir

 

1 / 14