Niderlandın “Elsevier” korporasiyasının təşkilatçılığı ilə Azərbaycanın ali təhsil müəssisələri üçün təlimlərə start verilib 05.05.2020

Mayın 5-də Təhsil Nazirliyi ilə dünyanın aparıcı elmi-analitika şirkəti olan Niderlandın “Elsevier” korporasiyası arasında imzalanmış müqaviləyə əsasən, Korporasiyanın təşkilatçılığı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə Azərbaycanın ali təhsil müəssisələri üçün “ScienceDirect” və “Scopus” platformaları ilə tanışlıq məqsədi daşıyan və mayın 28-nə qədər davam etməsi nəzərdə tutulan onlayn təlimlərə start verilib.

Rus və ingilis dillərində olmaqla 2 sessiyada keçirilən və 10 ali təhsil müəssisəsindən 400 nəfərə yaxın akademik işçi heyətinin iştirak etdiyi təlimlərin ilk günündə iştirakçılar “Scopus” və “ScienceDirect” bazalarından ilkin istifadə qaydaları ilə tanış olmuş, onları maraqlandıran aidiyyəti suallara cavab tapma imkanı əldə etmişlər.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə “Elsevier” korporasiyası arasındakı əməkdaşlığın əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq elmi məlumat bazalarına çıxışının genişləndirilməsi, beynəlxalq elmi nəşrlərin sayının artırılması, nəşr olunan elmi məqalə və jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması və nəticə olaraq təhsil müəssisələrimizin nüfuzlu qurumlara məxsus beynəlxalq reytinq siyahılarında (“QS World University Rankings”, “The Financial Times”, “Shanghai Ranking” və s.) irəliləməsinə nail olmaqdır.

 

1 / 14