Təhsildə Keyfiyyət Təminatı Agentliyi

 

Azərbaycan Respublikası Prezidentinin 29.12.2019-cu il tarixdə imzaladığı müvafiq Fərmana əsasən, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etməkdən, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılmasından, müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabətqabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək göstərilməsindən ibarətdir.

Agentliyin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirmək;
  • xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirmək;
  • peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınmasını həyata keçirmək;
  • təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək;
  • təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək;
  • təhsil sisteminin və bu sahədə dövlət standartlarının davamlı inkişafını, təhsil müəssisələrinin nüfuzunun və mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasını təşviq etmək;
  • təhsil fəaliyyətinin lisenziyalaşdırılması məqsədilə rəy verilməsində iştirak etmək;
  • müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək.
XƏBƏRLƏR