“Elsevier” korporasiyasının təşkilatçılığı ilə Azərbaycanın ali təhsil müəssisələri üçün keçirilən təlimlərə yekun vurulub 07.06.2020

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə dünyanın aparıcı elmi-analitika şirkəti olan Niderlandın “Elsevier” korporasiyası arasında imzalanmış müqaviləyə əsasən, 5-28 may tarixlərində Korporasiyanın təşkilatçılığı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə Azərbaycanın 10 ali təhsil müəssisəsindən 400 nəfərə qədər akademik işçi heyətin iştirak etdiyi onlayn təlimlər baş tutmuşdur.

Virtual təlimlər zamanı iştirakçılar Korporasiyaya məxsus “ScienceDirect” və “Scopus” bazalarında istifadəçi profilinin yaradılması, müxtəlif parametrlər üzrə axtarış edilməsi, bazalardakı faydalı alətlərdən istifadə edilməsi, zamanın tələbinə uyğun tədqiqat mövzusunun seçilməsi, tədqiqatın mövzusuna uyğun olaraq jurnal, kitab, məqalə seçimi edilməsi, hazırlanmış tədqiqat məqaləsinin dərc olunması üçün müvafiq jurnallara təqdim edilməsi kimi məsələlərə dair məlumatlar əldə etmişlər.

Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası və Gəncə Dövlət Universitetinin nümayəndələrinin iştirak etdiyi təlimlər xarici təlimçilər tərəfindən rus və ingilis dillərində olmaqla iki sessiyada həyata keçirilmişdir.

Qeyd edək ki, gələcəkdə bu layihəyə qoşulacaq yeni ali təhsil müəssisələrinin iştirakı “Elsevier” korporasiyası ilə bağlanacaq müqavilə əsasında mümkün olacaqdır. Bunun üçün yerli ali təhsil müəssisələrinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya və lisenziya şöbəsinə müraciət etmələri zəruridir.

1 / 14