Niderlandın “Elsevier” korporasiyasının təşkilatçılığı ilə Azərbaycanın ali təhsil müəssisələri üçün təlimlər keçiriləcək 01.05.2020

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə dünyanın aparıcı elmi-analitika şirkəti olan Niderlandın “Elsevier” korporasiyası arasında imzalanmış müqaviləyə əsasən, cari ilin 5-28 may tarixlərində Korporasiyanın təşkilatçılığı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə Azərbaycanın ali təhsil müəssisələri üçün “ScienceDirect” və “Scopus” platformaları ilə ilkin tanışlıq məqsədi daşıyan onlayn təlimlər keçiriləcək.

Təlimlər zamanı iştirakçılar “Elsevier” korporasiyasına məxsus “ScienceDirect” və “Scopus” bazalarında istifadəçi profilinin yaradılması, müxtəlif parametrlər üzrə axtarış edilməsi, bazalardakı faydalı alətlərdən istifadə edilməsi, zamanın tələbinə uyğun tədqiqat mövzusunun seçilməsi, tədqiqatın mövzusuna uyğun jurnal, kitab, məqalə seçimi edilməsi, hazırlanmış tədqiqat məqaləsinin dərc olunması üçün müvafiq jurnallara təqdim edilməsi kimi məsələlərə dair məlumatlar əldə edə biləcəklər.

Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası və Gəncə Dövlət Universitetindən olan 400 nəfərə yaxın akademik işçi heyəti təlimlərdə iştirak etmək üçün qeydiyyatdan keçmişdir.

Qeyd edək ki, dünyanın 180-dən çox ölkəsinə xidmət göstərən “Elsevier” korporasiyası elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış nəşriyyat və analitika şirkətidir. Arxivində 16 milyondan çox sənəd və 34 000 elektron kitab olan, hər il 3500 jurnalda 470 mindən çox məqalənin dərc edildiyi korporasiyanın məhsulları üzrə illik yükləmələrin sayı 1 milyarddan çoxdur. 

 

1 / 14