Qeyri-formal və informal təhsil dedikdə formal təhsil mühitindən kənarda baş verən yəni, müxtəlif kurslarda, dərnəklərdə, təlim  və ya fərdi məşğələlərdə, o cümlədən iş mühitində  əldə edilən bilik, bacarıq və səriştələrin məcmusu kimi başa düşülür. İnformal təhsil dedikdə isə özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması başa düşülür. Yəni, gündəlik həyatımızda müxtəlif mənbələrdən  maraq dairəmizə, yaxud da ehtiyaclarımıza uyğun olaraq (daha çox təcrübəyə əsaslanan) əldə edilən bütün səriştələr bura aid edilə bilər.

Qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması prosesi Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli qərarı ilə təsdiqlənmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” əsasında həyata keçirlir. Qaydaya uyğun olaraq, vətəndaşlar  bilik, bacarıq, səriştə və təcrübələrini qiymətləndirmədə iştirak edərək, peşə ixtisasının müvafiq modulu üzrə dövlət nümunəli təhsil sənədi – sertifikat və yaxud ixtisası təsdiq edən sənəd- diplom əldə edə bilər.